Vətən müharibəsində yaralanmış hərbi qulluqçularımızla görüşüb,
onların keçdikləri döyüş yolu xatirələrini qələmə almaq məqsədilə Daxili
Qoşunların Hərbi Qospitalında olduğum zaman palataların birində öz çarpayısında
oturub, yalnız silahdaşlarının danışdığı müharibə xatirələrini sakit şəkildə
dinləyən bir hərbi qulluqçumuz, istər-istəməz, diqqətimi cəlb etdi. İlk
baxışdan onun müharibə iştirakçısı olmayan, səhhətində yaranmış hər hansı bir
problem səbəbindən burada müalicə alan hərbi qulluqçulardan biri olduğunu
sanmışdım. Nəhayət, növbə Pərvin adlı bu hərbi qulluqçumuza çatanda məlum oldu
ki, Şuşa istiqamətində gedən döyüşlər zamanı aldığı ağır partlayış travması
səbəbindən nitqi tutulduğu üçün sakit dayanıbmış. Bu baxımdan qeydiyyat
apardığım dəftəri qazi silahdaşımıza uzadıb, ona verdiyim sualları yazaraq
cavablandırmasını rica etmişdim.
Beləliklə, Vətən müharibəsində qəhrəmancasına döyüşərək yaralanmış
hərbi qulluqçularımızın həyat və döyüş yolundan bəhs edən “Qazilərimiz”
rubrikasının sizlərə təqdim etdiyimiz budəfəki qəhrəmanı çavuş Xudiyev Pərvin
Vitali oğludur.
Çavuş P.Xudiyev 1992-ci il oktyabrın 14-də Bakı şəhərində anadan
olub. Orta təhsilini Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən akademik
Xoşbəxt Yusifzadə adına 112 saylı orta məktəbdə alıb. Atası Vitali Xudiyev
2003-cü ildə vəfat edib. O zaman Pərvinin 10, bacısı Ayselin isə 11 yaşı vardı.
Silahdaşımızın anası Pərvanə xanımın qeyd etdiyi kimi, həyat yoldaşı vəfat
etdikdən sonra ailə bir sıra çətinliklərlə üzləşdiyindən, Azərbaycan Dövlət
Neft Şirkətinin Zığ qəsəbəsində yerləşən bazasında əvvəlcə xadiməçi, bir müddət
sonra operator vəzifəsində çalışaraq övladlarını böyüdüb, vətənpərvər ruhda
tərbiyə edib. Pərvin orta təhsilini başa vurduqdan sonra böyük ruh yüksəkliyi
ilə hərbi xidmətə yola düşüb. Müddətli həqiqi hərbi xidmətini 2010-cu ilin
oktyabr ayından 2012-ci ilin aprel ayınadək Daxili Qoşunların Bərdə rayonunda
yerləşən “N” saylı hərbi hissəsində keçib. Uşaq yaşlarından hərbi xidmətə böyük
marağı olduğundan, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra
qoşunların Bakının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinin
xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətdə
qalaraq, Vətən qarşısında şərəfli borcunu yerinə yetirməkdə davam edib. 2015-ci
ilin may ayından Daxili Qoşunların Lənkəran rayonundakı “N” saylı hərbi hissəsinin
xüsusi təyinatlı dəstəsində xidmətini davam etdirən çavuş P.Xudiyev əvvəlcə snayper
qrupunda heyət nəfəri, 2016-cı ilin iyul ayından yaralandığı günədək isə xüsusi
həmlə qrupunda atıcı-sanitar kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib.
Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi
xidmətilə fərqlənib, hərbi hissə komandanlığının etimadını doğruldub.
Pərvin bu hərbi hissədə xidmətə başladığı gündən ailə üzvləri onu tək
qoymayıb, Lənkəran şəhərində kirayə tutduğu mənzildə ana və bacısı ilə birgə
yaşayıblar. Bu barədə məlumat verən Pərvanə xanım canından çox sevdiyi oğlundan
ayrı yaşamamaq, bir ana kimi övladına dəstək olmaq üçün hətta öz ərizəsi ilə
işindən ayrıldığını və Bakıdan Lənkərana köçərək, müvəqqəti də olsa burada
yaşamaq barədə qərar verdiyini dedi. Cəsur silahdaşımız Vətən müharibəsində
aldığı ağır travma səbəbilə tərxis olunduqdan sonra Xudiyevlər ailəsi Sabunçu
rayonunun Kürdəxanı qəsəbəsində yerləşən evlərinə qayıdıb.
Vətən müharibəsi başlayanda çavuş P.Xudiyev digər silahdaşları kimi
böyük ruh yüksəkliyi ilə hərbi əməliyyatlara qatılıb. İşğal altında olan qədim
yurd yerlərimizi düşmən tapdağından azad etmək hər bir döyüşçü kimi Pərvinin də
böyük arzusu, xüsusi təyinatlı amalı olub. Məhz buna görə də Füzuli və Şuşa
istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edən çavuş P.Xudiyev
vətənpərvər döyüşçü kimi hər zaman fərqlənib.
Qospitalda qeydlər apardığım dəftəri vərəqləyir, Pərvinin öz
dəst-xətti ilə yazdığı müharibə xatirələrini gözdən keçirirəm. Məlum olur ki, Daxili
Qoşunların “N” saylı hərbi hissəsinin “Gürzə” şərti adını daşıyan xüsusi
təyinatlı dəstəsində xidmət etmiş silahdaşımızın ilk döyüş yolu 2020-ci il
oktyabrın 17-də Füzuli istiqamətində, “Karyer” deyilən ərazidən başlayıb. Hansı
ki, burada ermənilərin “Beton post” deyilən möhkəmləndirilmiş mövqeləri
yerləşirdi. Tərkibində Pərvinin də olduğu qrupun şəxsi heyəti bu döyüşdə
düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək, möhkəmləndirilmiş postlarını
tutmağa müvəffəq olub. İştirak etdikləri növbəti hərbi əməliyyat isə doğma
Şuşanın düşmən tapdağından azad olunması üzrə döyüş tapşırığının yerinə
yetirilməsi idi. Özünün də qeyd etdiyi kimi, burada onların qrupunun yerinə
yetirdiyi əsas tapşırıq Xankəndidən Şuşa istiqamətinə hərəkət edən düşmən
qüvvələrinin qarşısını alaraq, onları məhv etmək olub: “Bu məqsədlə düşmənin
xəbəri olmadan, gizli bir şəkildə irəliləyərək, Şuşa ətrafındakı çətin keçilə
bilən sıldırımlı qayaları aşaraq yüksəklikdə özümüzə mövqe tutduq. Ermənilərin
Şuşadakı silahlılara köməyə gələn qüvvəsinin qarşısını qətiyyətlə alan hərbi
qulluqçularımız baş vermiş döyüşlər zamanı düşmənin hərbi texnikalarını,
həmçinin, xeyli sayda canlı qüvvəsini məhv etdilər. Sonradan erməni
silahlılarının bizi pusquya salaraq, mövqelərimizi tutmaq cəhdləri isə elə
onların öz acı məğlubiyyətləri ilə nəticələndi. Mən özüm də düşmənin çoxlu
sayda canlı qüvvəsini məhv etdim. Bir müddət sonra bizimlə açıq döyüşə
girməkdən qorxub çəkinən düşmən uzaq məsafədən mövqelərimizi artilleriya
atəşinə tutmağa başladı. Elə bu zaman yaxınlığıma düşən minaatan mərmisinin
partlaması nəticəsində travma aldım. Dərhal döyüşçü yoldaşım çavuş Zamiq Ağayev
ilkin tibbi yardım göstərdikdən sonra digər silahdaşım çavuş Heydər Heydərovla
birgə məni güllə və mərmi yağışı altından çıxarıb, meşəlik ərazidə olan
təhlükəsiz bir yerə gətirdilər. Burada xeyli yaralı vardı. 3 gün burada
qaldıqdan sonra, noyabrın 9-u axşam oradan təxliyyə olunduq. Əvvəlcə bizi
Hadrut qəsəbəsinə, orada tibbi yardım göstərildikdən sonra Füzuli Rayon
Xəstəxanasına, oradan isə Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına
gətirdilər. Şükürlər olsun ki, burada həkimlərimizin sayəsində sağlamlığım
qismən bərpa olunub. Lakin tam sağalmağım üçün müalicəmi indi də davam
etdirirəm”.
Çavuş P.Xudiyev, həmçinin, dəftərdə onunla birgə döyüşdə fəal iştirak
edən cəsur silahdaşlarının adlarını da qeyd etməyi unutmayıb. Yazdığı
sətirlərdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid
olmuş baş çavuş Vüsal Allahyarov barədə xatirələri də yer alıb. Bir zamanlar
onun yarımqrup komandiri və ya-xın dostu olmuş Vüsalın, eləcə də şəhid olmuş
digər silahdaşlarının əziz xatirəsini heç zaman unutmayacağını qeyd edib.
Xüsusi təyinatlı cəsur döyüşçü yoldaşlarından baş çavuşlar Kənan Kərimov, Fərid
Əmiyev, çavuşlar Heydər Heydərov, Zeynal Məmmədov, Qafqaz Hüseynov, Zamiq Ağayev,
İlkin Abuyev və Famil Məmmədovun adlarını qeyd edərək, onların, həmçinin, digər
silahdaşlarının Vətən müharibəsi zamanı böyük şücaət göstərərək düşmənə
sarsıdıcı zərbələr vurduqlarını qürur hissi ilə xatırladığını yazıb.
Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli,
25.12.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə
çavuş Xudiyev Pərvin Vitali oğlu “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad
olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
“N” saylı hərbi hissədə “Gürzə” şərti adını daşıyan xüsusi təyinatlı
dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri, “Döyüşdə fərqlənməyə görə”,
“Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları
ilə təltif edilmiş kiçik gizir Mövlan Astanov (Vətən müharibəsi zamanı Şuşa
istiqamətində gedən döyüşlərdə yaralanıb) çavuş P.Xudiyevlə eyni qrupun
tərkibində Vətən müharibəsində birgə iştirak edib. O, Pərvini əsl vətənpərvər
döyüşçü kimi xarakterizə edərək, hər zaman qrupun nümunəvi və intizamlı hərbi
qulluqçularından biri olduğunu bildirdi.
Adını Vətənimizin hərb tarixinə qızıl hərflərlə yazan cəsur qazimizə
bundan sonrakı həyatında ancaq uğurlar diləyirik.
mayor Anar
Əhmədov,
DİN-in Daxili Qoşunlarının “Əsgər”
qəzetinin redaktoru